Məzmuna keç

Sant Mat

Vikipediya, azad ensiklopediya

Sant Mat (hind. संत मत — "müqəddəslərin yolu" və ya "həqiqət yolu") — XIII əsrdə Hindistan yarımadasının şimal hissəsində meydana gəlmiş orta əsrlər qnostik, monoteist, mistik, ezoterik və dualist xarakterli bhakti dini hərəkatı. Santlar eqalitar (bərabərlikçi) baxışlara sahib idilər, Hindistanın kasta sisteminin gətirdiyi bərabərsizliklərə, eləcə də hinduistlər və müsəlmanlar arasında kəskin fərqlərin qoyulmasına qarşı çıxırdılar. Bu təlimin digər adı "Surat-şabd-yoqa" və ya Daxili işıq və səs yoqasıdır.[1]

Santları əsasən iki qrupa bölmək olar: Pəncab, Racasthan və Uttar-Pradeş regionlarından olan və öz mənəvi fikirlərini ifadə etmək üçün hindi (brac) dilindən istifadə edən şimal qrupu və ana dili marathi olan cənub qrupu (Namdev və digər Maharaştra santları nümayəndələridir). Hərəkatın mənəvi banisi və ən mühüm siması Kəbir, əsas fəlsəfi mətni isə "Anuraq Saqar" hesab olunur. Təlimin ən tanınmış nümayəndələri Namdev, Sant Kəbir, Ravidas, Quru Nanak, Mirabay, Quru Anqad, Surdas, Quru Amar Das, Quru Ram Das, Dadu Dayal, Quru Arcan Dev, Tulsidas, Quru Har Qobind, Tukaram, Quru Har Ray, Quru Har Krişan, Quru Teqh Bahadur, Quru Qobind Sinqh, Sant Ratnaqar Raoci, Sant Tulsi Sahib, Svamici Maharaj, Baba Caymal Sinqh, Baba Savan Sinqh, Sant Kirpal Sinqh, Sant Thakar Sinqh və Sant Balcit Sinqhdir.[2]

Hərfi tərcümədə "Sant Mat" "müqəddəslərin təlimi", "həqiqət yolu" və ya "doğru yol" mənasını verir. "Sant" termini sanskrit mənşəli "sat" (sanskr. सत) sözündən törəmişdir və "həqiqi", "real", "dürüst", "doğru" kimi müxtəlif mənalara sahibdir. Sözün kök mənası "həqiqəti dərk etmiş" və ya "ali reallığa qovuşmuş" şəxs deməkdir. Vaxt keçdikcə "sant" sözü ümumi mənada " xeyirxah, fəzilətli insan" anlayışını qazansa da, əsasən orta əsrlər Hindistanının şair-müqəddəslərinə aid edilir.[3][4]

Tarixi və əsas xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Santların baxışları və onların sosial-dini münasibətləri, min illər əvvəl "Bhaqavat Gita"da təsvir olunduğu kimi, bhakti (Allaha sevgi dolu bağlılıq) prinsiplərinə əsaslanırdı. Sant Mat hərəkatı tamamilə monolit və eynitipli deyildi. Onun müxtəlif qolları və müəllimləri həm bir-birləri ilə, həm də qarşı çıxdıqları ənənələrlə müəyyən müştərək adətləri bölüşürdülər. Santlar konkret və sərt qaydaları olan bir dini təriqətdən ziyadə, ümumi mənəvi köklərə malik olan müxtəlif mənəvi şəxsiyyətlər ittifaqı idi.[5]

Sant Mat hərəkatında sektant sərhədləri yox idi və o, brahmanların kast sistemini, həmçinin rəsmi ibadət rituallarını qəbul etmirdi. Şair-santlar öz şeirlərini yerli dillərdə yazır, sadə xalqa hindi və marathi dillərində müraciət edirdilər. Onlar "Müqəddəs Adın" (Nama) xilasedici gücündən bəhs edir və mənası olmayan dini ritualları rədd edirdilər. Santlar əsl dinin insanın "qəlbində yaşayan" Allaha təslim olmaq ideyasını təbliğ edirdilər. Sant Mat ənənəsində həmçinin yaşayan mənəvi müəllimin — "Satquru" (kamil müəllim) adlandırılan şəxsin rəhbərliyini qəbul etməyin vacibliyi vurğulanırdı.[6]

Şimali Hindistan santlarının Kəbir və Ravidasın da daxil olduğu ilk nəsli XV əsrin ortalarında Varanasi regionunda meydana çıxmışdır. Onlardan əvvəl isə XIII və XIV əsrlərdə yaşamış iki mühüm tarixi şəxsiyyət — Namdev və Ramananda var idi. Sant Mat ənənəsinə görə, Ramananda vaişnava-ramait cərəyanına mənsub bir asket (zahid) olmuş və Kəbirə, Ravidasa və digər santlara mənəvi inisiasiya (pənah) vermişdir. Ramanandanın həyatı ilə əlaqədar digər fərqli versiyalar onun ardıcılları (ramanandi rahibləri), digər santlar və daha sonralar siqxlər tərəfindən irəli sürülmüşdür. Onun həyatı haqqında qəbul edilən ən ümumi fakt budur ki, Ramananda bütün kastaların nümayəndələrini şagirdliyə qəbul edirdi və buna görə də ortodoks hinduist brahmanlar tərəfindən kəskin tənqid olunurdu. Ramanandanın tələbələri santların ilk nəslini formalaşdırmışdırlar. Bəzi şair-santların öz dini məktəblərini yaratmasına baxmayaraq, santların paramparası (mənəvi silsiləsi) əsrlər boyu yaşamağa davam etmişdir.[7]

Formal olaraq, Sant Mat yolunu hinduistlərin yalnız kiçik bir qismi tam şəkildə izləyirdi, lakin bu ənənə bir çox müxtəlif dini cərəyanların və hərəkatların ardıcıllarına güclü təsir göstərmişdir. Mirabay kimi santların bəstələdiyi bajanlar (mənəvi mahnılar) bu gün də Hindistanda və ölkə xaricindəki hinduist icmalarında çox populyardır. Orta əsrlər və müasir Hindistanda Sant Mat ənənəsi, hinduistlər və müsəlmanlar arasındakı maneələri müvəffəqiyyətlə dəf edə bilən yeganə mənəvi hərəkat hesab olunur. Tədqiqatçı Culius Lipnerin fikrincə, santların dini təlimi bir çox hinduistin mənəvi və sosial həyatına "azadlıq gətirən" bir təsir göstərmişdir.[8]

Əlaqəli cərəyanlar

[redaktə | vikimətni redaktə et]

Klassik qnostiklər, Şəms Təbrizi, Cəlaləddin Rumi və Hafiz Şirazi kimi orta əsrlər sufi şairləri, eləcə də Sind mütəfəkkirlərinin yaradıcılığı ilə şair-santların təlimləri arasında bir çox oxşar cəhətlərin olduğu qəbul edilir. Şimali Hindistanda fəaliyyət göstərən "Radhasvami" cərəyanı özünü santlar ənənəsinin və onların təlimlərinin müasir dövrdəki əsas davamçısı hesab edir. Eyni iddianı "Kəbirpanth" cərəyanının ardıcılları, siqxlər və digər bəzi mənəvi hərəkatlar da irəli sürürlər.[9]

Müasir Sant Mat hərəkatına, həmçinin Ustad Sant Balcit Sinqin rəhbərlik etdiyi "Ustadlar Yolu" (ing. The Path of the Masters) təşkilatı, Pyer Franko Marçenaro (Sant Kirpal Sinqin xələfi) və Ustad Çinq Hay (Sant Thakar Sinqin xələfi) daxildir. Bundan əlavə, Baba Savan Sinqin tələbələrindən biri olan Mastana Cinin qolu da bu silsiləyə aid edilir. Quru Maharaj-ci (Prem Ravat) tərəfindən yaradılmış "İlahi nur missiyası" (ing. Divine Light Mission) bəzi dinşünaslar tərəfindən Sant Mat hərəkatının müasir davamçısı kimi qiymətləndirilir. Digər bir müasir hərəkat olan "Ekankar" da çox vaxt Sant Matın qollarından biri hesab olunur. Tədqiqatçı Ceyms Lyuis bu cür hərəkatları "qədim inancın yeni kontekstdə ifadəsi" adlandırır.[10][11]

  1. ↑ Pandya, Samta P. Faith Movements and Social Transformation: Guru Charisma in Contemporary India (ingilis). Springer. 11.12.2018. ISBN 978-981-13-2823-7. 2025-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2026-07-15.
  2. ↑ Gold, Daniel. The Lord as Guru: Hindi Sants in North Indian Tradition (ingilis). New York: Oxford University Press. 1987. ISBN 978-0-19-504337-2.
  3. ↑ Schomer, Karine. The Sants: Studies in a Devotional Tradition of India (ingilis). Delhi: Motilal Banarsidass. 1987. 1-17. ISBN 978-81-208-0277-3.
  4. ↑ Lorenzen, David N. Bhakti Religion in North India: Community Identity and Political Action (ingilis). Albany: State University of New York Press. 1996. 210–225. ISBN 978-0-7915-0251-5.
  5. ↑ Lorenzen, David N. Who Wrote the Bhagavad Gita? (ingilis). Lanham: Lexington Books. 2020. 75–88. ISBN 978-1-7936-0814-7.
  6. ↑ Hawley, John Stratton. Three Bhakti Voices: Mirabai, Surdas, and Kabir in Their Time and Ours (ingilis). New York: Oxford University Press. 2005. 112-124. ISBN 978-0-19-567085-1.
  7. ↑ Heehs, Peter. Indian Religions: A Historical Reader of Spiritual Expression and Experience (ingilis). New York: New York University Press. 2002. 351-356. ISBN 978-0-8147-3650-0.
  8. ↑ Lipner, Julius. Hindus: Their Religious Beliefs and Practices (ingilis). London: Routledge. 1994. 120–128. ISBN 978-0-415-05181-1.
  9. ↑ DuPertuis, Lucy. The Golden Temple: A Study of the Radhasoami Movement (ingilis). Berkeley: University of California Press. 1986. 45–52. ISBN 978-0-520-05620-6.
  10. ↑ Lewis, James R. The Oxford Handbook of New Religious Movements (ingilis). New York: Oxford University Press. 2004. 312–315. ISBN 978-0-19-514961-6.
  11. ↑ Lane, David Christopher. The Radhasoami Tradition: A Critical History of Sectarianism in Modern Religions (ingilis). New York: Garland Publishing. 1992. 105–118. ISBN 978-0-8153-0555-2.

Əlavə ədəbiyyat siyahısı

[redaktə | vikimətni redaktə et]